“Rusiya yenə də sülh prosesinə əngəl olmağa çalışacaq...” - Etibar Məmmədov

18:17 11.07.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Mən bu görüşə müsbət baxıram. Əvvəldən məlum idi ki, vasitəçi olaraq istər ABŞ, istər Avropa, istərsə də Rusiya bu məsələdəki qərarlara müdaxilə edəcək və ilk növbədə öz maraqlarını güdərək problemin həllinə mane olacaqlar.  Ancaq münaqişə tərəfləri vasitəçisiz, birbaşa görüşdə öz maraqlarını ortaya qoyurlar və qarşılıqlı güzəştlər barədə də özləri qərar verə bilərlər.”

Bu fikirləri hafta.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov “Azərbaycan rəhbəri İlham Əliyev  və Ermənistan baş naziri Nikol Paşinyan arasında dünən – iyulun 10-da Əbu-Dabidə keçirilmiş 5 saatlıq görüşü necə dəyərləndirsiz?” sualına cavab verərkən dilə gətirib.

“İndi hər şey Ermənistandan asılıdır. Azərbaycan çox güzəştlərə gedib bu məsələdə. Amma hazırkı vəziyyətdə sülhün təmin edilməsi vacibdir və sülh sazişi olmalıdır ki, qalan proseslər də öz axarıyla getsin və qeyri-müəyyən durum aradan qaldırılsın. İndi qarantiya məsələsi qalıb. Və fikrimcə, hər hansı bir dövlətin verdiyi qarantdandırsa, beynəlxalq səviyyədə bir zəmanət təşkil olunması daha münasibdir. Görünən odur ki, sülhün əldə olunması asan olmayacaq”, - deyə davamında siyasi şərhçi bildirib.

“Sizcə, Rusiya hazırda doğrudanmı Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən kənarda qalıb, yoxsa hansısa üzdə görünməyən məqamlar var?” sualını isə siyasətçi belə cavablandırıb:

“Əlbəttə, Rusiya mümkün qədər Cənubi Qafqazdakı proseslərdən kənar qalmamağa və sülhə əngəl olmağa çalışacaq. Və hələ təsir vasitələri də hələki mövcuddur- onlardan istifadə etməyə cəhd göstərəcək. Xüsusən də Ermənistandakı hərbi bazasından təzyiq vasitəsi kimi yararlanacaq. Və paralel olaraq daxildəki rusiyapərəst qüvvələr vasitəsilə yenə də Paşinyanı hakimiyyətdən devirməyə cəhd edəcək, bu istiqamətdə fəaliyyətini davam etdirəcək...”